Müharibə başladı: Rusiya və İran da Türkiyəyə qarşı...

Əsəd qüvvələrinin İdlibə hücumu və Türkiyə hərbçilərini öldürməsi faktiki müharibə deməkdir.

Bu sözləri politoloq Vüqar Zifəroğlu İdlib ətrafından baş verən son siyasi prosesləri Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, Suriyada hazırda vəziyyət olduqca qəliz bir hal alıb:

“Gözlənilənin əksinə, hazırkı proseslər bir daha onu göstərdi ki, Suriya münaqişəsi heç də dondurulmuş münaqişə deyil. İdlib olduqca strateji bir məntəqədir. İdlibə nəzarət əslində Suriyanın mərkəzi əyalətlərinə və önəmli şəhərlərinə birbaşa nəzarət deməkdir. Bu baxımdan əslində hazırkı proseslər gözlənilən idi. Çünki Əsəd dəfələrlə İdliblə bağlı iddialar səsləndirib və bu ərazinin Suriya üçün əhəmiyyətindən danışıb. Əsəd İdlibə hücum edərək Suriya ətrafında aparılan danışıqları və birgə razılaşmaları sonlandırmış oldu“.

Politoloqun sözlərinə görə, Suriyada hazırkı proses müharibə kimi xarakterizə edilə bilər:

“Çünki bundan öncə biz Türkiyənin Suriyada İŞİD və YPG, PYD, PKK silahlıları ilə döyüşdüyünü görürdük. Lakin Türkiyə Əsəd əleyhdarı müxaliflərə yardım etsə belə, birbaşa Əsədlə mübarizə aparmırdı. Bu baxımdan Əsədin İdlibə hücumu və türk əsgərlərini öldürməsi Əsədlə Türkiyəni qarşı-qarşıya qoymuş oldu. Bu isə faktiki müharibə deməkdir“.

Vüqar Zifəroğlu Suriya münaqişəsində Rusiya və İran faktorunu da qeyd edib:

“Hər nə qədər Suriya münaqişəsinin həlli baxımından Rusiya, İran, Türkiyə bir araya gəlsə də, bu, şərtlərin diktəsi ilə formalaşmış birlikdir. Əslində isə Suriya məsələsində bu üç ölkənin maraqları uzlaşmır. Məhz bu səbəbdən Əsədin İdlibə hücumundan sonra maraqlı açıqlamalar oldu. Xüsusilə mən burada İran faktoruna diqqət çəkmək istərdim. İran Əsədin İdlibə hücumunu dəstəklədi. İranın Astana formatında təmsil olunduğunu nəzərə alsaq, bu cür açıqlamaların danışıqlar prosesinə mənfi təsir edəcəyini demək olar.

Əsədin İdlibə hücumunda İran faktorunu qabartmaq lazımdır, o, arxasında müəyyən qüvvə olmasa, belə bir addım ata bilməzdi. Aydın məsələdir ki, Əsədə Rusiya və İran dəstək verir”.

Politoloq deyib ki, Türkiyənin İdlibi ilhaq etmək istəməsi haqda şayiələr yayılıb:

“Bu, heç də real deyil. Çünki Türkiyə hər zaman Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini qeyd edib. Yəni Türkiyənin İdlibi ilhaq etməsi haqda deyilənlər əsassızdır“.

Qeyd edək ki, Suriya rejim qüvvələri türk ordusuna hücum edib, nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb. Türk ordusunun cavab zərbəsi nəticəsində 76 rejim əsgəri məhv edilib.

Leave a reply

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *